24.06.2024 |
ADMİU-ya “PAŞA Həyat” Şirkətinin maliyyə dəstəyi ilə yeni çapdan çıxmış 4 adda 27 nüsxə kitab hədiyyə edilib. Bugünədək şirkət tərəfindən nəşr olunan 20-dən çox kitabın ölkə tarixi və mədəniyyətinin nümayiş etdirilməsi, eləcə də tariximizin dərindən araşdırılmasında mühüm əhəmiyyəti vardır. Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini özündə əks etdirən yüksək keyfiyyətli çap məhsullarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər də cəlb olunub. Universitetin Kitabxana-informasiya mərkəzinin müraicəti əsasında təqdim olunan yeni nəşrlər cəmiyyətimiz və ölkəmizin mədəni sərvətlərini tanıtmaq üçün dəyərli mənbələrdir. Xüsusi poliqrafik keyfiyyətdə nəşr edilmiş ilk kitab Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Minatəmizləmə Agentliyi (ANAMA), “PAŞA Həyat” şirkətinin dəstəyi ilə ərsəyə gəlmiş “Gizli ölüm toxumları” kitabıdır. Kitabda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası yolunda üzləşilən bütün dəhşətlər öz əksini tapıb. Burada ölkəmizin minalarla bağlı ağrılı təcrübəsi işıqlandırılır və Ermənistanla münaqişənin başa çatmasına baxmayaraq, bugünə qədər işğaldan azad edilmiş ərazilərimizdə minaların insanların həyatına son qoyması faktları geniş əks olunur. Kitab Azərbaycanın işğaldan azad olunmuş ərazilərində törədilən mina terrorunun, mina və partladıcı sursatların yaşatdığı dəhşətin dünya ictimaiyyətinə və beynəlxalq qurumlara çatdırmaq məqsədi ilə hazırlanıb. Azərbaycan, ingilis və rus dillərində tərtib olunan nəşr “Viran edilmiş torpaq”, “İnsanlıq əleyhinə cinayət”, “Total terror” və “Son söz” hissələrindən ibarətdir.
AZ