12.06.2024 |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor-müəllim heyəti və tələbələrinin innovativ xidmətlər və elektron resurslardan istifadəsi, müxtəlif nüfuzlu beynəlxalq bazalara giriş inkanlarının daha da genişləndirilməsi istiqamətində növbəti addım atılıb. ADMİU ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-informasiya mərkəzləri arasında UNEC-in elektron kitabxanasından birgə istifadə üçün razılaşma əldə olunub. Nəticədə, ADMİU-nun professor-müəllim və təhsilalanlarına UNEC Kitabxana-İnformasiya Mərkəzinin (7/24) elektron kitabxanasından (https://library.unec.edu.az/) sərbəst istifadə etmək hüququ verilib. Oxuculara elektron kitabxananın resursları üzrə ətraflı axtarış imkanı yaradılıb. Axtarış həm UNEC-in elektron resursları, həm də abunə olunan bazalar üzrə həyata keçirilir. Rəqəmsal kitabxanada İPR books, EBSCO-nun Hiperkitap, ProQuestin Ebook Central bazasından, eləcə də Kembric Universiteti, İKSAD yayın evi, Ankara və İstanbul universitetləri, The Universal Digital Library, World Digital Library, ECONBİZ kimi açıq resurslardan istifadə etmək mümkündür. Qeyd olunan bazalarda müxtəlif dillərdə minlərlə e-resurs öz əksini tapıb. Elektron kitabxanaya ADMİU Kitabxana-informasiya mərkəzinin veb səhifəsində informasiya tələbatçılarının istifadə etdiyi “Rəqəmsal kitabxana”nın “Elektron məlumat bazaları” bölməsindən keçid etmək olar.
AZ