Emosional intellekt
Emosional intellekt anlayışı psixologiyaya H.Qardnerin, P.Saloveyin və J.Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu. Lakin emosional intellekt nəzəriyyəsi Daniel Qoulmanın Emotional Intelligence (1995) adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti H.Qardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.
Emosional intellektin həyatımızdakı əhəmiyyəti
Nə qədər müvəffəqiyyətli və xoşbəxt olduğumuzun klassik intellektə (IQ) deyil, emosional intellektə (EQ) bağlı olduğunu son illərdə aparılan bütün tədqiqatlar göstərir. Bəs nədir EQ?

Məktəb həyatında həmişə birinci olan şəxslərin çoxu şəxsi həyatında uğursuz, qeyri-sabit, yalnız və ümidsiz olduqlarının tez-tez şahidi oluruq. Məktəb uğuru üçün klassik intellekt kifayət etsə də, həyatda uğurlu olmaq üçün emosional intellekt olaraq adlandırılan emosional və sosial bacarıqları öyrənmə qabiliyyəti ön plana çıxır. Harvard Universitetinin ən yaxşı tələbələrini 10 il müddətində izləyirlər, həyatdakı uğurlarına baxırlar. Nəticə məyusedicidir. Məktəb müvəffəqiyyəti yüksək olan tələbələr niyə həyatda müvəffəqiyyətli ola bilmirdilər? Çünki bu insanlar emosiyalarını və digər insanlarla olan münasibətlərini idarə edə bilmirdilər. Özlərini tanımırdılar, səhv qərarlar verib intellektual enerjilərini boşa xərcləyirdilər. Son illərdə də şəxsin məntiqi zəkasının (IQ) yüksək olmasının uğurlu olmaq üçün kifayət etmədiyi, həmin şəxsin emosional intellektinin (EQ) də yüksək olmasının vacib olduğu qəbul edilməyə başladı.
Emosional intellekt nədir?
Emosional intellekt anlayışını həyatımıza gətirən və bu mövzuda çoxlu tədqiqatlar aparan Daniel Qoulman EQ-yə belə tərif verir:
Emosional intellekt – insanın özünün və başqalarının hisslərini anlamaq, idarə etmək və məqsədlərə çatmaq üçün hisslərdən istifadə etmək bacarığıdır.

Emosional intellekt anlayışı kütləvi leksikona daxil olan kimi öz yeniliyi ilə böyük şöhrət qazandı: orta səviyyə EQ-sü olan insanlar uğurlarına görə ən yüksək İQ-lü adamları 70% üstələyir. Bu yenilik insanların çoxunun düşüncəsində uğurun yeganə yolunun İQ olması təsəvvürünü dəyişdi.
Salovey və Mayerə görə, emosional intellekt - özünün və başqalarının hisslərinə və emosiyalarına diqqət edərək onları bir birindən fərqləndirmək və bu informasiyadan istifadə edərək öz düşüncəsini və hərəkətlərini idarə etmək qabiliyyətidir.
Yüz minlərlə insan üzərində aparılmış tədqiqatların nəticəsində xoşbəxt və uğurlu həyat yaşamaq üçün İQ-nün əksinə, emosional intellektin rolunun daha güclü olduğu sübut edilmişdir. Tarix, riyaziyyat, fizikadan çox yüksək bilik və bacarıqlara sahib ola bilərsiniz. Lakin bu cür bacarıq və qabiliyyətlərin lazım olmadığı mühitdə heç kim sizə diqqət etməyəcək. Yaxud da bu mühitdə sahib olduğunuz bacarıqları nümayiş etdirə bilməsəniz nəticə yenə eyni olacaq. Bunun əksinə, simpatik və ünsiyyətcil olsanız, münasibətlərə və emosiyalarınıza nəzarət və idarə edə bilsəniz diqqət mərkəzində olmağınız və “kəşf edilməyiniz” daha asan olar. Hətta “axtarılan adam” belə ola bilərsiniz. Burada diqqət etdinizsə, IQ-nün heç bir rolu yoxdur. Sadəcə emosional intellekt səhnədəki rolunu çox yaxşı oynayır. Emosional intellekti inkişaf etmiş şəxslər həyatda həm xoşbəxt, həm də uğurlu ola bilərlər. Çünki özlərinin güclü və zəif tərəflərini çox yaxşı tanıyırlar.
Qarşılaşdıqları problemləri hisslərini idarə edərək aradan qaldıra bilərlər. Həyatda problemlərlə qarşılaşdıqda alternativlər tapıb hər şeyə rəğmən yollarına davam edə bilərlər. Emosiyalarımızın məsuliyyətini daşımırıq və onları idarə etməyi bacarmaya bilərik. Lakin davranışlarımızı idarə edə bilərik. Məsələn, qəzəbləndikdə bunu hiss etməyimizə mane olmaya bilərik. Ancaq bu qəzəbin şiddət davranışına keçməsinin qarşısını ala bilərik. Emosional intellekti inkişaf etmiş insanlar emosiyalarının fərqində olub, onları idarə edə bilərlər.
Cəmiyyət olaraq çətin dövrdən keçirik. Maddi həyat mənəvi həyatdan qabaqda gəlir. Vicdanımızı işə salmalı, mərhəmət, empatiya, şəfqət və vicdan toxumlarını qəlblərimizə yenidən səpməliyik. Bu da ancaq emosional intellekti inkişaf etdirməklə mümkündür. Çünki emosional intellekti inkişaf etmiş şəxs özünün və başqalarının bütün hüceyrələrini təəccübləndirəcək qədər müstəqillik və şəfqət hisslərini qeyd-şərtsiz hərəkətə keçirə bilər.
Emosional intellektin əsas elementləri
Salovey həmkarı Con Mayerlə birlikdə emosional intelləktə ətraflı tərif verərək, bu qabiliyyəti beş əsas hissəyə ayırmışdır:
1. Öz hisslərini tanımaq - özünü dərk etmə (və ya özünü tanıma)
2. Emosiyaları idarə edə bilmək
3. Motivasiya – özünü həvəsləndirmək
4. Başqalarının hisslərini anlamaq – empatiya
5. Münasibətləri idarə etmək – sosial bacarıqlar
Öz hisslərini tanımaq
Özünüdərk (hər hansı bir hiss yaranarkən, onu tanıya bilmək) – emosional intellektin təməl daşıdır. Hissləri dərk etmək qabiliyyəti psixoloji həssaslıq və özünü tanımaq baxımından mühüm əhəmiyyət kəsb edir. Həqiqi hisslərimizin fərqinə varmamaq bizi onların ixtiyarına buraxır. Hisslərini tanıyan insan öz həyatını daha yaxşı idarə edir; kiminlə evlənəcəyindən tutmuş hansı işə girəcəyinə qədər şəxsi qərarların düzgünlüyündə daha çox əmindir.
Emosiyaları idarə edə bilmək
Hissləri lazımi şəkildə idarə etmək bacarığı özünüdərkə əsaslanır. Şiddətli həyəcan, məyusluq, əsəb və digər neqativ hissləri idarə etmək bacarığı uğurlu nəticələrə gətirib çıxarır. Bu qabiliyyətdən məhrum olan insanlar daim narahatlıq içində olur, ona sahib olanlar isə həyatın xoşagəlməz sürprizləri və uğursuzluqları ilə qarşılaşdıqda özlərini daha tez ələ ala bilirlər.
Özünü həvəsləndirmək
Müəyyən bir məqsədə nail olmaq üçün hiss və emosiyaların qaydaya salınması diqqəti cəmləmək, özünü həvəsləndirmək, özünü ələ almaq və yaradıcılıq üçün zəruridir. Emosional özünə nəzarət (həzzi təxirə salmaq və çılğın davranışları cilovlamaq) hər cür nailiyyətin əsasında dayanan xüsusiyyətdir. Özünü ruhlandırmaq və “axın”dan geri qalmamaq bütün fəaliyyət sahələrində nailiyyəti təmin edir.
Başqalarının hisslərini anlamaq
Emosional özünüdərkə əsaslanan daha bir qabiliyyət olan empatiya – insan münasibətlərində ən mühüm bacarıqdır. Empatik insanlar başqalarının nəyə ehtiyacı olduğunu, nə istədiyini göstərən incə sosial siqnallara qarşı daha həssasdır. Bu isə onların insanlara qayğı göstərməklə bağlı olan peşələrdə, məsələn, müəllimlik, satıcılıq və idarəçilikdə uğur qazanmasına yol açır.
Münasibətləri idarə etmək
Qaşılıqlı münasibət qurmaq qabiliyyəti, əsasən, başqalarının hisslərini idarə etmək məharətindən ibarətdir. Sosial qabiliyyətlər populyarlığı, liderliyi və şəxsiyyətlərarası ünsiyyətin effektivliyini artırır. Belə qabiliyyətlərə sahib olan insanlar başqaları ilə müsbət qarşılıqlı münasibət qurmağı tələb edən işlərdə uğur qazanır və parlaq bir sosial həyat yaşayırlar.
Şübhəsiz, insanlar bu sahələrin hər birində öz bacarıqlarına görə fərqlənirlər; məsələn, bəzilərimiz öz həyəcanını asanlıqla sakitləşdirə bilsə də, başqalarının kədərinə şərik olmağı bacarmır. Bacarıq səviyyəmizi, şübhəsiz ki, sinir sistemi müəyyənləşdirir, amma beyin qeyri-adi dərəcədə tez uyğunlaşan və daim öyrənən bir orqandır. Emosional qabiliyyətlərdəki çatışmazlıqları düzəltmək mümkündür. Bu sahələrdən hər biri, əsasən, vərdişlər və reaksiyalar toplusunu təmsil edir, əgər düzgün istiqamətdə səy göstərsək, onu yaxşılaşdıra bilərik.
Emosional intellektin inkişaf etdirilməsi
Öyrənilə bilən bir sıra bacarıqlardan ibarət olan EQ şəxsin yaşı irəlilədikcə inkişaf edə biər. İrəliləyən yaşlarıyla birlikdə şəxslərin sosial əlaqələri və ətraflarındakı hadisələri daha balanslı qiymətləndirməyə başladıqları, daha uyğun, daha idarəli və ümumiyyətlə təsirli ünsiyyət qura bildikləri ifadə edilir. Gündəlik həyatda və peşə sahəsində emosional intellekt qabiliyyətlərinin inkişaf etdirilməsi üçün 7 qaydaya əməl edilməsi lazımdır:
Özünü tanımaq; şəxsin özünün kim olduğunu öyrənməsi lazımdır. Emosional intellekt şəxsin güclü və zəif tərəflərinin, ehtiyaclarının fərqində olması, səhvlərini görə bilməsi, dəyər və məqsədlərini həqiqi olaraq qiymətləndirə bilməsini, yəni özünü tanımasını tələb edir.
Hiss və emosiyalara nəzarət etməyi öyrənmək; şəxs özünün və digər şəxslərin emosiyalarından nə qədər az qorxsa, emosional halını və hisslərini idarə etməsi o qədər asan olacaq. Şəxsin özünə tez-tez "Özümü necə hiss edirəm və bu hissi bədənimin ən çox hansı yerində hiss edirəm? Belə hiss etməyimə səbəb olan nədir?" kimi suallar verməsində fayda vardır.
Özünün fərdi xüsusiyyətlərini və fərdlərin bir-birlərindən fərqli olduqlarını qəbul etmək. Fərqli olmaq, digərlərindən daha yaxşı ya da daha pis olmaq mənasını vermir. Fərdlər öz dünyagörüşləri ilə digərlərinin dünyagörüşlərinin fərqli olduğunu anladıqlarında, bir-birlərini tanımaları və olduğu kimi qəbul etmək daha asan olacaq.
Ünsiyyət bacarıqları. Şəxsin özünü ifadə etmə üsullarını inkişaf etdirməsi, söz xəzinəsini zənginləşdirməsi, hər an yeni sözlər öyrənməsi, özünü çoxistiqamətli olaraq ifadə edə bilmə cəsarətinin olmasını təmin edəcəkdir. Bəzən hal və hərəkətlər, sözlərdən daha çox məna verə bilər. Məsələn, şirin bir təbəssüm qarşıdakına bir təsəlli ola bilər.
Problem həll edici olmaq. Şəxsin həyatındakı müxtəlif hadisələr və problemlər üzərində düşünməsi, bunları həll etməyə çalışmasında fayda vardır. İnsan qarşısına çıxan problemləri ortadan qaldırılamayacak bir əngəl olaraq qiymətləndirmək yerinə, özünü sübut etmə fürsəti olaraq görsə, onları həll etməməsi üçün heç bir səbəbi qalmayacaq.
Tənqidə açıq olmaq. Emosional intellektin inkişafında tənqid edə bilmək və tənqidə açıq olmaq da çox əhəmiyyətlidir. Bunun sayəsində şəxs özündəki müsbət və mənfi istiqamətləri öyrənmə fürsətini əldə edə bilər.
İnsanlar ilə maraqlanmaq. İnsanlarla tanış olmaq, onların mədəniyyətlərini öyrənmək, müxtəlif insan psixologiyaları haqqında məlumat əldə etmək, fərdin özünü və digərlərini kəşf etməsini və qurduğu əlaqələrin təsirli olmasını təmin edəcək.
Daha ətraflı oxumaq üçün aşağıdakı kitablara baxa bilərsiniz:
1. Daniel Qoulman. Emosional zəka.
2. Bircan Yıldırım. Duyğusal zeka.
Hazırladı: Aynur Rəhimova / ADMİU-nun psixoloqu